Prezident İlham Əliyev tərəfindən imzalanmış sərəncama əsasən, hər il martın 27-si Azərbaycanda Elm Günü kimi qeyd olunur. Bu tarix Azərbaycan Milli Elmlər Akademiyası-nın yaranma günü ilə üst-üstə düşür və ölkədə elmin inkişafına verilən önəmi əks etdirir.
Azərbaycanı dünyada tanıdan görkəmli elm xadimlərinə nəzər saldıqda, bir çox nüfuzlu adlarla qarşılaşırıq. Lütfi Zadə qeyri-səlis məntiq nəzəriyyəsi ilə, Yusif Məmmədəliyev yüksək oktanlı benzinin əldə olunması sahəsindəki töhfələri ilə seçilir. Məsud Əfəndiyev riyaziyyat üzrə beynəlxalq mükafatları ilə, Qərib Mürşüdov isə bioinformatika sahəsindəki nailiyyətləri ilə tanınır.
Eyni zamanda, Bəxtiyar Siracov atom enerjisi sahəsində, Məcid Rəsulov elmi əsərlərinin beynəlxalq səviyyədə tanınması ilə, Lev Landau fizika üzrə Nobel mükafatı ilə diqqət çəkir. Azad Mirzəcanzadə mexanika sahəsində, Murad Nazim isə günəş enerjisi üzrə tədqiqatları ilə seçilir. Tarix boyu Nəsirəddin Tusi və İbn Sina kimi dahilər də elmə böyük töhfələr vermişdir.
Azərbaycan bir çox sahələrdə olduğu kimi, elm sahəsində də davamlı inkişaf edir. Müasir dövrün yeni çağırışları elmin daha da təkmilləşdirilməsini və idarəetmə mexanizmlərinin yenilənməsini tələb edir. Ölkə başçısı da son çıxışlarında bu məsələlərə xüsusi diqqət yetirmişdir.
Elm və təhsil yalnız vəhdətdə inkişaf edə bilər. Bu prinsipi əsas tutaraq, 2015-ci ildə təhsil mərkəzimizin inkişafına dəstək məqsədilə “ELM” İctimai Birliyi təsis edilmişdir.
Bu müddət ərzində elmin gənclər arasında populyarlaşdırılması istiqamətində 10-dan artıq layihə həyata keçirilmiş, 500-dən çox doktorant və gənc tədqiqatçının inkişafına töhfə verilmişdir.
Azərbaycan elm və təhsil sahəsində daim inkişaf edir. Arzu edilir ki, gənclər bu sahədə daha böyük elmi nailiyyətlər əldə etsin, ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etməyə davam etsinlər.