6 nömrəli məktəb-liseyin rəhbərliyinə xəbərdarlıq edilib, şagirdlər başqa məktəbə köçürülüblər
6 nömrəli məktəb-liseydə 8 yaşlı şagirdin zorakılığa məruz qalması ilə bağlı yayılan iddialarla bağlı araşdırma aparılıb, məktəb rəhbərliyinə xəbərdarlıq edilib. Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva deyib.
M.Vəliyeva bildirib ki, məsələ ilə bağlı pedaqoji şura keçirilib, məktəbdə nəzarətin təşkili məsələsinə məsul olan pedaqoji heyətin bir hissəsi barədə isə intizam tənbeh tədbiri görülüb. İclas zamanı, həmçinin 7-ci sinif şagirdlərindən birinin başqa məktəbə köçürülməsi ilə bağlı qərar qəbul edilib.
“Digər uşaqlarla bağlı da addımlar atılacaq. Həmçinin II sinif şagirdinin valideyninə də bu istiqamətdə təklif edilib”, – deyə Vəliyeva əlavə edib.
Məktəbin direktoru Gülşən Orucova ona verilən cəza ilə bağlı da öz münasibətini bildirib. Onun sözlərinə görə, şagirdlər dərsə gələn zaman onların mobil telefonları sinif rəhbəri tərəfindən yığılır və dərsin sonunda geri qaytarılır.
“Sözügedən hadisə dərsdən sonra baş verib”, – deyə o əlavə edib.
Direktor məktəb rəhbərliyinə xəbərdarlıq edilməsi faktını da təsdiqləyib.