Universitetler / Ümumi xəbərlər

Universitetlərin regionlara köçürülməsi prosesi necə icra olunacaq?

Bakıdakı ali təhsil müəssisələrinin mərhələli şəkildə paytaxtdan kənara transferi məsələsi artıq rəsmi sənədlərdə öz təsdiqini tapıb. Hazırda intensiv müzakirə mərhələsində olan bu strateji layihə, həm şəhər infrastrukturunun yükünü azaltmağı, həm də ölkənin təhsil xəritəsini yenidən formalaşdırmağı hədəfləyir. Cəmiyyətdə geniş rezonans doğuran bu qərar, yaxın gələcəkdə təhsil mühitində köklü dəyişikliklərin icra olunacağından xəbər verir.

Mövzu ilə bağlı İTV-yə açıqlama verən urbanist Rauf Ağamirzəyev bildirib ki, “Böyük Qayıdış” proqramı icra olunacağı təqdirdə, mövcud tələbə yataqxanalarının boşaldılması və ehtiyaclara uyğun yenidən təşkili şəhərdə sıxlığın azaldılmasına ciddi təsir göstərə bilər. Onun sözlərinə görə, tələbələrin təhsil aldıqları ali məktəblərə yaxın ərazilərdə yaşaması nəqliyyat sıxlığına birbaşa təsir edən amillərdəndir. Təhsilalanların dərsə piyada məsafəsində gedə bilməsi nəqliyyata olan tələbatı azaldır və bu da tıxacların qarşısının alınmasına kömək edir.
Deputat Ceyhun Məmmədov isə bildirib ki, universitetlərin paytaxtdan kənara köçürülməsi mərhələli şəkildə həyata keçirilməlidir. Onun sözlərinə görə, ilk növbədə regionlarda fəaliyyət göstərən universitet filiallarında qəbul planı artırılmalı, eyni zamanda Bakıda yerləşən və bir-birini təkrarlayan ali təhsil müəssisələrinin bölgələrə köçürülməsi nəzərdən keçirilməlidir.
C.Məmmədovun sözlərinə görə, universitetlərin regionlara köçürülməsi yalnız paytaxtda nəqliyyat sıxlığını azaltmayacaq, eyni zamanda həmin bölgələrin sosial və iqtisadi canlanmasına da təkan verəcək.
Deputat əlavə edib ki, layihə ilə bağlı müzakirələr intensivləşdirilməli və icraya başlanmalıdır. Çünki əsas məqsəd paytaxtda sıxlığı azaltmaqla yanaşı, təhsilin keyfiyyətini ölkə üzrə qoruyub saxlamaqdır.